Elm və Sənaye Universitetinin süni intellekt üzrə professoru, Bəhruz Minayi Hövzə Xəbər Agentliyinin Tehran şəhəri üzrə müxbirinə verdiyi müsahibədə Elmi hövzələrdə süni intellekt sahəsində müxtəlif istiqamətlərdə fəaliyyətlərin həyata keçirildiyini bildirərək deyib: Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, bu sahəyə ciddi diqqət yetirir və biz də onun narahat olduğu məsələlərin bir hissəsini izləmək və həyata keçirmək imkanına malikik.
Elm, Sivilizasiya və İrfan İnstitutunun elmi məsələlər üzrə müavini deyib: Süni intellektdən, eləcə də digər yeni texnologiya və elmlərdən güclü İranın qurulması istiqamətində istifadə etmək bu institutun əsas diqqət yetirdiyi məsələlərdəndir.
O, sözlərinin davamında süni intellekt üzrə keçirilən kurslardan gözlənilə biləcək ən az nəticənin, İslam elmlərinin intellektual emalı sahəsində müəyyən addımlar atmış bütün alimlər və tədqiqat qurumları arasında qarşılıqlı əməkdaşlıq, bilik mübadiləsi və sinerjinin yaradılması olduğunu bildirib.
O əlavə edib: Bu kursların dini təhsil ocaqlarında keçirilməsi hövzə tədqiqatçılarının müxtəlif İslam elmləri sahələrində süni intellektdən istifadə imkanlarına dair baxışlarını da dəyişəcək və ya ən azı bu sahədə onların zehnində yeni bir fikir qığılcımı yaradacaq.
Elm və Sənaye Universitetinin professoru sözlərinə davam edərək deyib: Dini təhsil ocaqlarında keçirdiyimiz kurslarda süni intellektin İslam elmlərində tətbiq edilməsi ideyaların inkişaf etdirilməsi və genişləndirilməsi, onların real məhsullara çevrilməsi üçün yolu asanlaşdıracaq. Digər tərəfdən isə İslam elmlərində süni intellektdən istifadənin özünə tənqidi yanaşanların mövqeyinin də böyük ölçüdə dəyişməsinə və daha düzgün istiqamət almasına səbəb olacaq.
Dinin təbliğində yeni texnologiyalardan istifadənin artması
O deyib: Şükürlər olsun ki, Elmi hövzələrin müəllim və tələbələrinin süni intellekt sahəsində apardığı tətbiqi tədqiqatların, eləcə də yeni texnologiyalardan yararlanması və onların tətbiqinə dair fəaliyyətlərin səviyyəsi olduqca diqqətəlayiqdir və getdikcə artır.
Bəhruz Minayi deyib: Ölkə üzrə Elmi hövzələrin idarəetmə mərkəzi süni intellektin inkişaf etdirilməsi, eləcə də dinin müasir üsullarla təbliği sahəsində yeni texnologiya və bacarıqların inkişafı istiqamətində yaxşı fəaliyyətlər həyata keçirib.
Rəyiniz